ORDU
Silahlı Qüvvələr Günü münasibətilə Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları olub
Bakı, 25 iyun, AZƏRTAC
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, hərbi orkestrlər müəyyən edilmiş altı yerdə - Dənizkənarı Milli Parkın Azadlıq meydanının qarşısında və Azneft meydanı qarşısındakı Dövlət Bayrağının önündəki hissələrində, Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında və Zabitlər parkında çıxışlar ediblər.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar, Azərbaycan və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.