REGİONLAR
Silahlı Qüvvələr Günü münasibətilə Yevlaxda silsilə tədbirlər keçirilib
Yevlax, 26 iyun, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib. Hərbi hissələrdə keçirilən tədbirlərdə icra hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, Gənclər İdman İdarəsinin, Yevlax Gənclər evi Sosial Xidmət Müəssisəsinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, hərbi hissələrin əsgər və zabit heyəti iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara şərəfli işlərində uğurlar arzulayıblar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğundan, Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qazanılan uğurlardan, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən, döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaətlərdən danışılıb.
Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları zabit və əsgərlər qarşısında vətənpərvərlik mövzusunda şeirlərdən, mahnılardan, rəqslərdən ibarət konsert proqramı nümayiş etdiriblər. Xidmətdə fərqlənən hərbçilər Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.