CƏMİYYƏT
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti maarifləndirmə tədbiri keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Müdafiə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərkəzin rəis müavini Elvin Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin məsul əməkdaşı Zümrüd Səmədova gənclər arasında vətənpərvərlik, milli-mənəvi və ailə dəyərlərinə hörmət hisslərinin yüksək səviyyədə aşılanması məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Belə tədbirlərin keçirilməsi gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynayır.
Qeyd olunub ki, müasir dövrdə gənclər siyasəti sayəsində qazanılan nailiyyətlər hər bir dövrün ümumi inkişaf səviyyəsini, iqtisadi, siyasi potensialını müəyyənləşdirən əsas meyarlardandır. Prezident İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşıb. Bu baxımdan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkan yaratmaqdır. Bu hərbi-vətənpərvərlik tədbiri də məhz Dövlət Proqramına uyğun olaraq, gənclərimizin qəhrəmanlıq, azərbaycançılıq, dövlətçilik uğrunda, milli və mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Qeyd olunub ki, Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətənpərvər, dövlətçiliyə, milli mənəvi dəyərlərimizə sadiq müasir Azərbaycan gəncliyinin yetişdirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyət qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Bildirilib ki, hazırda Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Bu isə xalqımızda işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına inam hissini daha da artırıb.