REGİONLAR
Şimal bölgəsinin məzunları Xaçmaz şəhərində yaradılan iki mərkəzdə biliklərini sınayıblar VİDEO
Xaçmaz, 18 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində yaradılan iki mərkəzdə biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanı akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunub. Qəbul imtahanlarında şimal bölgəsindən olan 1117 məzun iştirak edib.
DİM-in Xaçmaz regional bölməsindən bildirilib ki, hər iki mərkəzdə imtahanlar nəzərdə tutulmuş vaxtda, qaydalara uyğun olaraq başlayıb. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahanlara 106 nəzarətçi müəllim, o cümlədən 8 imtahan rəhbəri cəlb edilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunublar.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri DİM-in internet saytında yerləşdiriləcək.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda aparılıb.