DÜNYA
Şinzo Abe: Rusiyanın Cənubi Kurildə hərbi iştirakının gücləndirilməsi Yaponiyanın etirazına səbəb olur
Tokio, 30 oktyabr, AZƏRTAC
Rusiyanın Cənubi Kurildə hərbi iştirakının gücləndirilməsi Yaponiya hökumətinin mövqeyinin əleyhinədir və buna görə də etiraza səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Yaponiya parlamentinin yuxarı palatasında keçirilən debatlar zamanı Baş nazir Şinzo Abe çıxış edib.
“Rusiya silahlı qüvvələrinin dörd şimal adasında hərbi iştirakının gücləndirilməsi bu ərazilərlə bağlı bizim mövqeyimizin əleyhinədir və biz bununla bağlı etirazımızı bildiririk. Bildiririk ki, məsələnin köklü həlli üçün şimal torpaqları problemi həll edilməlidir”, - deyə Ş.Abe qeyd edib.
Baş nazir bununla əlaqədar Kuril adalarının cənubunda birgə təsərrüfat fəaliyyətinin əhəmiyyətini vurğulayıb: “Yaponiya və Rusiya birlikdə bu adaların gələcək simasını yaradacaq və problemin hər iki tərəf üçün münasib həlli yolunu tapacaqlar”.
Onun sözlərinə görə, Tokio əvvəllər də olduğu kimi, ilkin olaraq Kuril adalarının mənsubiyyətini dəqiqləşdirməyi və bu əsasda sülh müqaviləsinin imzalanmasını təklif edir.
Cari ayda Yaponiya hökuməti arxipelaqın cənubunda atəş təlimlərinə görə artıq üç dəfə Rusiyaya etirazını bildirib. Buna cavab olaraq Rusiya XİN bəyan edib ki, yapon diplomatların Cənubi Kuril adalarına görə Rusiyaya etirazları ikitərəfli münasibətlərdə müsbət atmosferin formalaşmasına maneə yaradır.
Yaponiya mətbuatının məlumatına görə, həmin rayonda atəş təlimləri cari ildə 10 dəfədən çox keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio