DÜNYA
Şinzo Abe hökumətdə və hakim partiyanın rəhbərliyində dəyişiklikləri bu gün elan edəcək
Tokio, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Yaponiyanın Baş Naziri Şinzo Abe hökumətin tərkibində və hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbərliyində dəyişiklikləri elan edəcək.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Ş.Abe əksər nazirləri yeniləri ilə əvəz edəcək. Hökumətin tərkibində 13 nəfər yeni nazirin elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu, cari ilin iyulunda parlamentin yuxarı palatasına keçirilən seçkilərdən sonra hökumətin tərkibində ilk dəyişikliklər olacaq. Həmin seçkilərin nəticələrinə görə hakim koalisiya yerlərin bir qismini itirsə də, üstünlüyü saxlaya bilib.
Bildirilir ki, son vaxtlar beynəlxalq dairələrdə uğurlu danışıqlar aparmağı bacaran, Trans-Sakit okean Tərəfdaşlığına və Yaponiya ilə ABŞ arasında ticarət razılaşmasına nail olan Toşimitsu Moçeqinin yeni Xarici İşlər naziri olacağı gözlənilir.
Həmin vəzifəni ona təhvil verəcək Taro Kononun isə Müdafiə naziri təyin olunacağı bildirilir.
Nazirlər Kabinetinin iki ağır çəkili siyasətçiləri olan, Baş Nazirin müavini və Maliyyə naziri vəzifələrini tutan Taro Asonun və hökumətdə Baş katib vəzifəsini icra edən Yoşihide Suqanın öz vəzifələrində qalacağı gözlənilir. Bu siyasətçilər Ş.Abe 2012-ci ildə hakimiyyətə qayıtdıqdan sonra daim onunla birlikdədirlər.
Nazirlər Kabinetində yeni şəxs kimi Ətraf Mühit naziri olacaq Şinciro Koizumi göstərilir. Bu gənc siyasətçi sabiq Baş Nazir Züniçiro Koizuminin oğludur və LDP-nin yeni doğan ulduzu hesab olunur. Cəmi 38 yaşı olan Ş.Koizumi müharibədən sonrakı dövrün üçüncü gənc naziri olacaq.
Hakim LDP-nin qərargahına gəlincə isə, Ş.Abenin iki nüfuzlu siyasətçini əsas aparıcı vəzifələrdə saxlayacağı bildirilir. Belə ki, Toşihiro Nikai partiyanın Baş katibi, Fumio Kişida isə siyasi sahədə tədqiqatlar şurasının sədri vəzifələrində qalacaqlar. Qeyd edək ki, F.Kişida gələcəkdə LDP-nin sədri kimi Ş.Abenin sələfi hesab olunur.
Hökumətdə vəzifəsini dəyişənlər sırasında Olimpiya Oyunları üzrə nazir Şuniçi Suzukinin partiyanın rəhbərliyinə keçəcəyi bildirilir. Onun LDP-nin baş şurasının sədri təyin olacağa gözlənilir.
Həmin gün axşam Ş.Abenin hökumətdəki dəyişikliklərlə bağlı mətbuat konfransı keçirəcəyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio