REGİONLAR
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
Şirvan, 22 aprel, Mahir Babayev, AZƏRTAC
Dövlətimizin başçısının tövsiyəsi ilə bütün bölgələrdə olduğu kimi, Şirvan şəhərində də əhalinin pulsuz kütləvi tibbi müayinəsi uğurla aparılır. Üç ay davam edəcək aksiya çərçivəsində rayon üzrə 18 yaşından yuxarı 63 min 850 nəfərin tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında təşkil olunub. Vətəndaşlar əvvəlcə qeydiyyata alınır, sonra müayinədən keçirilirlər. Vətəndaşlar poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən müayinə olunur, xəstəlik aşkarlanan sakinlər müalicəyə cəlb edilirlər.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı tibb müəssisəsində bütün zəruri şərait yaradılıb. Təcrübəli həkim və orta tibb işçiləri aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Kollektiv aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışır. Gün ərzində 350-400-dən çox vətəndaş müayinə olunur. Artıq şəhərin 3 yaşayış məntəqəsindən ikisində müayinələr başa çatdırılıb. Aksiya başlayandan bu günə kimi 58 min 440 nəfər şəhər sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 4190 nəfər ambulator, 476 nəfər stasionar müalicəyə cəlb olunub, 91 sakin təkrar müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. 92 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.