DÜNYA
Skandinaviya ölkələri inkişaf hədəflərinə yardım göstərilməsi məsələsində BMT-nin ən iri donorlarıdır
Stokholm, 12 aprel, AZƏRTAC
Rəqəmlər göstərir ki, Skandinaviya ölkələri inkişaf hədəflərinə yardım göstərilməsində öz səlahiyyətlərinin yerinə yetirilməsi məsələsində BMT-nin ən iri beş donorundan üçüdür.
AZƏRTAC bu barədə İsveç KİV-lərinə istinadla xəbər verir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bu yaxınlardakı məruzəsinə görə, Danimarka, Norveç və İsveç İnkişafa Yardım Komitəsinin 5 ölkədən ibarət siyahısına daxildir. Bu ölkələr inkişaf hədəflərinə yardım üçün özünün ümummilli daxili gəlirindən 0,7 faiz təqdim etməklə BMT-nin hədəflərinə nail olublar. Qarşıya qoyulan hədəflərə uyğun yardım göstərən digər iki dövlət isə Lüksemburq və Böyük Britaniyadır.
Qeyd edək ki, İsveç, Norveç və Danimarka hökumətləri müxtəlif qeyri-hökumət təşkilatları və dövlət agentlikləri vasitəsilə dünyanın bir sıra inkişaf etməkdə olan ölkələrində layihələrə iri vəsaitlər ayırırlar. Bununla yanaşı, bu üç krallıq əhəmiyyətli dərəcədə miqrasiya siyasətini sərtləşdirdiyindən, son illər buraya gələnlər arasında sığınacaq istəyənlərin sayı azalıb.
Yeni məlumatları şərh edən Danimarkanın inkişaf və əməkdaşlıq naziri Ulla Ternos deyib: “Gənc insanların öz gələcəklərini yaşadıqları yerdə görmələri üçün yaxşı şəraitin yaradılması çox mühümdür. Beləliklə, biz qeyri-müntəzəm miqrasiyanın qarşısını almağa yardımçı ola bilərik”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm