CƏMİYYƏT
Soltan Məmmədov: İlkin səhiyyə xidmətinin inkişaf etdirilməsi səhiyyə sistemi üçün ən əsas komponentlərdən biridir
Bakı, 30 sentyabr, AZƏRTAC
Səhiyyə sahəsində islahatlar aparılan bir məqamda ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi səhiyyə sistemi üçün ən əsas komponentlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov ÜST və UNICEF-in Azərbaycanda birgə həyata keçirəcəyi “İlkin səhiyyə xidmətinin gücləndirilməsi” layihəsinə münasibət bildirərək deyib.
İcbari tibbi sığortanın uğurlu tətbiqi və davamlı olaraq gücləndirilməsi, icbari tibbi sığortaya daxil olan xidmətlər zərfinin genişləndirilməsi, eyni zamanda qanunvericilik bazasının təkmilləşdirilməsi üçün böyük işlər görüldüyünü deyən deputat bildirib ki, bu gün hər birimizi maraqlandıran əsas məsələlərdən biri ilkin səhiyyə xidmətinin inkişafıdır: “Bu xidmət həm profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, həm də növbəti addımlarda stasionar xidmətin təkmilləşdirilməsinə böyük töhfə verir.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu istiqamətdə böyük işlər həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisinə daxil olan qanun layihələri müntəzəm olaraq Səhiyyə komitəsində müzakirə olunur”.