CƏMİYYƏT


Son bir ildə Hindistanda keçirilən e-ITEC proqramlarında Azərbaycandan 90-dan çox hökumət rəsmisi iştirak edib

Bakı, 17 sentyabr, AZƏRTAC

Hindistanın müstəqilliyinin 75-ci ildönümünü qeyd etmək üçün keçirilən bayram tədbirləri çərçivəsində Hindistanın Bakıdakı səfirliyi “Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” ilə bağlı tədbir təşkil edib.

Tədbirdə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Məclisin deputatı Soltan Məmmədov, Ekologiya Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının digər nazirliklərinin yüksək vəzifəli əməkdaşları, ITEC məzunları, Azərbaycandakı Hindistan icma birliklərinin rəhbərləri və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna tədbirdə çıxışında ITEC proqramının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdən alimlərin potensialının artırılması üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə Hindistan hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirlərinin təşkil olunması barədə məlumat verib. Səfir iki ölkə arasındakı ikitərəfli ticarətin bu ilin ilk yarısında ötən ilə nisbətən 21 faizdən çox artdığını da vurğulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Milli Məclisin deputatı Soltan Məmmədov tədbirdə çıxış edərək ITEC məzunlarını ITEC təlim kurslarında uğurla iştirak etmələri münasibətilə təbrik ediblər. ITEC məzunları təhsilləri zamanı əldə etdikləri bilikləri öz iş sahələrində istifadə etdiklərini vurğulayaraq Hindistanda keçirilən ITEC təlimləri zamanı yaddaqalan təcrübələrini bölüşüblər.

ITEC Proqramı çərçivəsində Hindistan hökuməti ölkənin ən yaxşı təhsil müəssisələrində çoxsaylı fənlər üzrə 300-dən çox qısamüddətli və ortamüddətli kurslarda iştirak üçün tam maliyyələşdirilən təqaüdlər təqdim edir. ITEC kurslarına qatılmaq üçün hər il Azərbaycandan Hindistana 20-30 iştirakçı səfər edir. Pandemiya başlayandan bu təlim proqramları onlayn rejimə keçib və son bir ildə e-ITEC proqramlarında Azərbaycanın 90-dan çox hökumət rəsmisi iştirak edib.

25-45 yaş arası Azərbaycan hökumət rəsmiləri ITEC kurslarına müraciət edə bilərlər. İştirak etmək istəyənlər onlayn ərizə formasını doldurmalı və doldurulmuş formanın bir nüsxəsini əlaqədar nazirlik vasitəsilə səfirliyə təqdim etməlidirlər. e-ITEC kursları, qaydalar və şərtlər və s. haqqında daha çox məlumatı https://www.itecgoi.in/e-itec saytında əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.