CƏMİYYƏT
Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində uşaq əməyinin istismarı ilə əlaqədar məlumat verilib
Bakı, 12 iyun, AZƏRTAC
12 iyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində maarifləndirmə tədbiri keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə uşaqlara onların hüquqları izah olunub, bu və ya digər şəraitdə uşaq əməyinin istismarına məruz qalmamaq və məcburi əməyə cəlb edilməmək üçün zəruri tövsiyələr verilib.
Tədbir zamanı uşaqların əl işlərinə baxış olub. Qeyd olunub ki, Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaşayan azyaşlıların ilkin yaradıcılıq bacarıqlarının (rəsm, musiqi, rəqs və s.) formalaşdırılması üçün lazımi işlər aparılır. Uşaqların əl işlərindən ibarət sərgilərin təşkil olunmasına başlanılıb və bu, onlarda özlərinə inam hissinin artmasına və daha həvəslə çalışmağa səbəb olur.
Tədbir çərçivəsində müəssisədəki musiqi, ingilis dili, habelə 12-15 yaşlı uşaqların sosial-psixoloji xidmətlərlə təmin edildikləri qrup işi otaqlarına baxış olub, onların arasında keçirilən idman oyunları izlənilib.
Məlumat üçün bildirək ki, ötən ildən fəaliyyət göstərən müəssisədə uşaqların sosial, psixoloji, hüquqi vəziyyətinə uyğun olan tədbirlər həyata keçirilir. Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin başlıca məqsədi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların həmin vəziyyətdən çıxarılması, onların digər həmyaşıdları kimi normal həyat tərzi yaşaması, təlim-tərbiyə sistemi ilə əhatə olunması üçün şərait yaradılmasıdır. Həmçinin müəssisəni tərk edəndən sonrakı dövrdə onların daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi sahəsində müvafiq işlər görülür. İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksəriyyətinin reabilitasiyası təmin edilib.
Hazırda müəssisədə 17 uşaq reabilitasiya kursu keçir.