REGİONLAR
Sosial qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib
Naxçıvan, 19 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Naxçıvan şəhərində şəhid və qazi övladlarının və sağlamlıq imkanları məhdud istedadlı gənclərin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısının ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Dövlət proqramları təsdiq olunub və ötən dövr ərzində uğurla icra edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib, onların tibbi reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Nicat Babayev sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
İstedadlı sağlamlıq imkanları məhdud gənc Nail Hacıyev və sosial könüllü Fatma Bağırova göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsi isə sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarət “Ümid” musiqi qruplarının ifaları ilə başlayıb. Sonra nazirliyin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən məşğələlərdə istedadları ilə fərqlənən uşaqlar müxtəlif musiqi və şeir ifaları səsləndiriblər. Bayram personajları Kosa və Keçəlin xüsusi rəng qatdığı tədbirin davamında sosial könüllülər və sağlamlıq imkanları məhdud gənclər tərəfindən birgə hazırlanmış milli rəqs nümunələri və səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.
Sonda uşaqlara bayram hədiyyələri də təqdim olunub.