İQTİSADİYYAT


Statistika Komitəsi ilə UNICEF arasında birgə İş Planı imzalanıb

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planının imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Dövlət Statistika Komitəsi ilə BMT-nin müvafiq strukturları, o cümlədən UNICEF arasında sıx əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planı “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2021-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində hazırlanıb. İş Planının həyata keçirilməsi ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının statistik qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dəstək verəcək, uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Dövlət Statistika Komitəsi ilə birgə hazırlanmış İş Planının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu əməkdaşlıq DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, bu sahədə monitorinq və hesabatvermə üzrə milli potensialın artırılması üçün məlumatların toplanması işinin təkmilləşdirilməsinə dəstək göstərəcək.

Sonra “2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planı”nın imzalanması mərasimi keçirilib. İş Planını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.