İQTİSADİYYAT
Strateji Yol Xəritəsi çərçivəsində İKT-nin inkişafı ilə bağlı tədbirlər davam etdirilir
Bakı, 28 sentyabr, AZƏRTAC
Strateji Yol Xəritəsi çərçivəsində telekommunikasiya və informasiya texnologiyalarının inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, artıq bəzi qısamüddətli layihələr yerinə yetirilib, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) kimi irimiqyaslı layihələrin isə icrasına başlanılıb.
Strateji Yol Xəritəsində əsas istiqamətlərdən biri dövlət orqanları üçün bulud texnologiyalarının tətbiqidir. Bu məqsədlə NRYTN regionda ilk Data Mərkəzi istifadəyə verib. Layihə Azərbaycanın regionda informasiya texnologiyaları mərkəzinə çevrilməsində mühüm əhəmiyyətə malikdir. Data Mərkəzi Avropanın ən təhlükəsiz mərkəzlərindən biridir. İrimiqyaslı layihələrdən olan TASİM layihəsinin texniki əsaslandırması işlərinə də başlanılıb. Bu layihə ölkənin tranzit informasiya məkanına çevrilməsi və Azərbaycan ərazisindən keçməklə, Şərqlə Qərb arasında informasiya axınının təmin edilməsini nəzərdə tutur.
“Bu əsaslandırma bütün üzv operatorlara təqdim olunub. Hazırda həmin texniki-iqtisadi əsaslandırma üzrə lazım olan podratçı şirkətlərin cəlb edilməsi ilə bağlı şərtlərə baxılır. Ümumilikdə layihə kifayət qədər əhatəlidir. Hesab edirəm ki, bir neçə ölkənin ərazisindən keçən bu müasir telekommunikasiya xətti həm Azərbaycanın, həm də digər dövlətlərin telekommunikasiya infrastrukturuna kifayət qədər müsbət təsir göstərəcək”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov bildirib.