CƏMİYYƏT
Stressin idarə olunması mexanizmləri dost tapmağa kömək edir
Bakı, 26 iyun, AZƏRTAC
Yeni tanışlıqlar həm stress yarada, həm də müsbət emosiyalar bəxş edə bilər.
İsraildəki Veytsman İnstitutunun alimlərinin apardığı tədqiqat göstərir ki, beyində stressin səviyyəsini tənzimləyən molekul insanın təhlükəsiz sosial çevrənin hüdudlarından kənara çıxıb yeni tanışlıqlar qurmaq meylinə təsir edir.
AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, eksperiment siçanlar üzərində aparılıb, çünki onlarda stressin idarə olunması prosesləri insanınkına bənzəyir. Siçanlar müxtəlif şəraitdə saxlanılıblar.
Yaradılan şəraitlərdən biri “sosial labirint” adlandırılıb. Bu cür şəraitdə gəmiricilərin istər tanış siçanlarla ünsiyyət saxlamaq, istərsə də ünsiyyətdən tamamilə imtina etmək imkanı olub.
İkinci halda proseslər xüsusi zonada baş verib. Burada siçanları kameralar müşahidə edib, onların hərəkətləri isə xüsusi alqoritmin köməyi ilə təhlil edilib.
Nəticədə məlum olub ki, siçanların həmcinsləri ilə davranışına stressə nəzarət edən urokortin-III adlı molekul təsir edir. Bu molekulun səviyyəsi yüksək olan siçanlar tanış siçanlara məhəl qoymayaraq, fəal surətdə o biri siçanlarla tanış olub. Molekulun səviyyəsi aşağı olanlar isə əksinə, öz çevrəsində dolanmağa çalışıb.