CƏMİYYƏT
Süd istehlakı ilə əlaqədar videoçarx yayımlanıb VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi əhalinin maarifləndirilməsi tədbirləri çərçivəsində növbəti videoçarx hazırlayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda süd içməyin insan orqanizmi üçün əhəmiyyəti ilə yanaşı süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar əksini tapıb.
Qeyd olunur ki, südün təhlükəsizliyi onun istehsal şəraiti və düzgün qablaşdırılmasından asılıdır. Üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi və son istifadə tarixi qeyd edilməyən süd məhsulları orqanizm üçün təhlükəli ola bilər.
Kütləvi-informasiya vasitələri və sosial şəbəkələrdə geniş şəkildə yayımlanması nəzərdə tutulan videoçarxın hazırlanmasında əsas məqsəd əhali arasında süd və süd məhsullarından düzgün istifadə qaydalarının təşviq edilməsi, vətəndaşlarda sağlam qidalanma vərdişlərinin aşılanmasıdır.