CƏMİYYƏT
Sumqayıtda “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm sərgi-müsabiqəsi keçirilib
Bakı, 11 may, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Mən kökümlə bu torpağa bağlıyam” adlı gənclərin əl işlərindən ibarət rəsm sərgi-müsabiqəsi keçirilib.
AZƏRTAC Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, müsabiqənin məqsədi yeniyetmə və gənclər arasında ümummilli lider Heydər Əliyev irsinin təbliği, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, istedadlı və yaradıcı gənclərin bacarıqlarını üzə çıxartmaq və dəstəkləməkdir.
Sərgidə gənc rəssamlar ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın qədim tarixi memarlıq abidələrini, milli-mənəvi dəyərlərini və dilbər guşələrini öz əsərlərində nümayiş ediblər.
Sonda qalib və fərqlənən gənclərə fəxri fərman, sertifikat və hədiyyələr təqdim edilib.