REGİONLAR
Sumqayıtda Vətən müharibəsi şəhidi Şirbala Hüseynovun xatirəsi anılıb
Sumqayıt, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Şirbala Hüseynbala oğlu Hüseynovun doğum günü ilə əlaqədar xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimiz uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları şəhidin həyat yolu haqqında geniş məlumat verdikdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işinin təşkili şöbəsinin əməkdaşı Zaur Süleymanlı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, şəhidin döyüş yoldaşı, mayor Elşən Musayev, şəhidin valideynləri çıxış ediblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsi adından şəhidin yağlı boya ilə çəkilmiş şəkli qardaşı Samir Hüseynova təqdim edilib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib, daha sonra tədbirdə əməyi keçən hər kəsə təşəkkür edib.
Tədbirdə Əməkdar artist Cəlal Məmmədov şəhidə aid şeirlər söyləyib, xanəndə Məlahət Hacıyeva, Təranə Nurlu, Nicat Mənsimovun ifasında vətənpərvərlik mövzusunda musiqilər ifa olunub.
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəhla Məmmədova və qiraətçi Adil Səfərovun ifasında şəhidə həsr edilən “Bu gecə yuxuma gəlmişdin, oğlum!” adlı kompozisiya gecənin iştirakçılarına kövrək anlar yaşadıb. Tədbir “Şəhidi ağlamazlar” şeirinin səsləndirilməsi ilə bitib.