REGİONLAR
Sumqayıtda il ərzində 50 kilometr uzunluğunda şəhərdaxili yollara asfalt döşənəcək
Sumqayıt, 18 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Son 3 il ərzində Sumqayıt şəhərində 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib. Şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqrama əsasən, Sumqayıtın prospekt və küçələri, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yolları mərhələli şəkildə təmir olunur.
AZƏRTAC xəbər verir ki, üç il ərzində Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub. Son illər Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı, yeni yollar da salınıb. Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salınıb.
Məlumatda qeyd edilir ki, 2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 kilometr uzunluğunda şəhərdaxili küçə və yolların, 1.5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri nəzərdə tutulur.