REGİONLAR
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib
Sumqayıt, 2 mart, AZƏRTAC
Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Respublika Veteranlar Təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə şəhid ailələri və veteranlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid ailələrinə, veteranlara respublikamızda göstərilən diqqət və qayğı, onları sosial problemlərinin həlli istiqamətində görülən ardıcıl işlər, vətənpərvərliyin təbliğinə 44 günlük Vətən müharibəsinin iştirakçılarının cəlb edilməsi tədbirin mərkəzi fikrini təşkil edib.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov veteranlara xüsusi qayğı ilə yanaşılması, onların problemlərinin həlli istiqamətində görülən işlər barədə danışaraq deyib: “44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürumuzdur. Onlara hər birimiz borcluyuq, tarix yazan qəhrəmanlarımızı daim iftixarla yada salacağıq. Sumqayıt Şəhər İcra Hakimiyyəti Prezident İlham Əliyevin tapşırıq və göstərişlərini daim rəhbər tutaraq şəhid ailələrinə, veteranlara diqqət və qayğı ilə yanaşır. Bu məsuliyyətli iş gələcəkdə də həssaslıqla davam etdiriləcəkdir”.
Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran, qazi, döyüşçü adını qürürla daşıyan Azərbaycanın oğul və qızlarını xalqımızın təssübkeşi adlandırıb. O, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə canından keçmiş, sağlamlığını itirmiş hər bir şəxsə xüsusi qayğı göstərməyin mənəvi borcumuz olduğunu vurğulayıb. Həmçinin şəhidlərimizin ölümsüz olduğunu, bəşəriyyət var olduqca, onların da bizim qəlbimizdə əbədi yaşayacağını qeyd edib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında təşkilat haqqında məlumat verib, veteranlara respublikamızda göstərilən diqqət və qayğıdan danışıb. O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçılarını təşkilata cəlb etməklə, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində onların bilik və bacarılarından istifadə etməyin zəruriliyini diqqətə çatdırıb.
Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov və başqaları mövzu ilə bağlı çıxış edib, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, veteranlarımızın, qazilərimizin problemlərinin vaxtında həlli istiqamətində görülən işlərdən söz açıblar.