REGİONLAR
Sumqayıtda yaşayış yerini tərk edən 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb VİDEO
Sumqayıt, 10 aprel, Ə.Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Həmin şəxslərdən 3-ü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində isə istintaq araşdrımaları davam etdirilir.
Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.