REGİONLAR
“Sumqayıtı tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya keçirilib
Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və “ASAN xidmət”in dəstəyi ilə həyata keçirilən “Məktəblinin dostu” layihəsinin iştirakçıları Sumqayıtda olublar.
AZƏRTAC xəbər verir ki, “Sumqayıtı tanıyaq” devizi ilə keçirilən tur-aksiyada YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov və bir qrup fəal partiya üzvü yaxından iştirak edib, Biləcəri qəsəbəsi Qamət Abbasov adına 284 saylı tam orta məktəbin şagirdlərinə şəhərdə görülən işlər barədə ətraflı məlumat veriblər.
Məktəblilər ilk olaraq Heydər Əliyev adına parkda yerləşən Səid Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbi ilə tanış olublar. Daha sonra tur Sumqayıt şəhər Şahmat məktəbi və Heydər Əliyev Mərkəzində davam edib. Bunun ardınca müvafiq olaraq YAP Sumqayıt şəhər təşkilatının yeni inzibatı binası, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Tarix Muzeyi, Şəhidlər Xiyabanı, Dənizkənarı Bulvar və Nəsimi parkına səfər təşkil olunub.
Bildirilib ki, Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusilə, Prezident İlham Əliyevin qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən abadlıq-quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı layihələrin icrasına başlanılıb və qısa müddətdə uğurla başa çatdırılıb. Prezident İlham Əliyevin 2017-ci il dekabrın 15-də Sumqayıta etdiyi səfər isə dövlətimizin başçısının bu şəhərə olan qayğısının bariz nümunəsi kimi tarixə düşüb.