REGİONLAR
Sumqayıtın ümumtəhsil məktəblərində 53 mindən çox şagird təhsil alır
Sumqayıt, 17 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində fəaliyyət göstərən bütün məktəblərdə yeni tədris ili başlayıb. Təhsil nazirinin əmrinə əsasən, ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.
Şəhər Təhsil Şöbəsindən AZƏRTAC–a bildirilib ki, bu il 6159 şagird birinci sinfə qədəm qoyub. Ümumilikdə 53 mindən çox şagird şəhər məktəblərində təhsil alır.
Qeyd edək ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində Təbiət elmləri təmayüllü gimnaziya, 3 lisey tipli və 3-ü inteqrasiya təlimli gimnaziya olmaqla, 50 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir.