CƏMİYYƏT
“Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, rayon icra hakimiyyətinin və rayon idman və gənclər idarəsinin birgə təşkilatçılığı ilə “Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun nümayəndəsi Raqif Allahverdiyev, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Suraxanı rayon komissiyasının üzvləri iştirak ediblər.
“Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Bu gün narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdə, ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci ildən etibarən 26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilib və hər il qeyd olunur.
Bildirilib ki, narkomanlığın yayılmasına, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə rayonun hüquq-mühafizə orqanları davamlı işlər aparır.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun nümayəndəsi Raqif Allahverdiyev qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları minlərlə proqramlar təşkil edir, qəzetlərdə hər gün onlarca məqalələr, xəbərlər yayımlanır və minlərlə internet saytı mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən məlumatlar yayır. Lakin bu qədər fəaliyyətə baxmayaraq, narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gün yüzlərlə gənc bu səbəbdən həyatını itirir.
Bildirilib ki, bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətimizin başçısının, hüquq-mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramının (2013-2018-ci illər)” təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib.
Gənclərlə aparılan işdən danışan Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov qeyd edib ki, gənclər arasında hüquq pozuntularının, narkomanlığın və digər zərərli vərdişlərin qarşısının alınması məqsədi bir sıra maarifləndirici tədbirlər təşkil olunur. Rayonun ümumtəhsil məktəblərində şagirdlərin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə görüşlər keçirilir, “dəyirmi masa”lar təşkil olunur, narkomaniya və onun törətdiyi bəlalar barədə fikir mübadiləsi aparılır.