REGİONLAR
Suraxanı məktəblisi: Vətənimizin qədimliyini, təbii gözəlliklərini gördükcə ona olan sevgimiz daha da artır
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak edən Bakının Suraxanı rayonunun Zığ qəsəbəsindəki 65 nömrəli məktəbin IX sinif şagirdi Afaq Cəbrayılzadə Şəki və Qax rayonlarına səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.
Suraxanı məktəblisi deyib: “Layihənin iştirakçısı olduğuma görə çox sevinirəm. Ölkəmizin şimal-qərb bölgəsinin tarixi məkanları ilə tanış olduq, görməli yerlərini gəzdik. Tariximizi özündə yaşadan qədim abidələri gördükcə, bu yerlərin gözəl təbiətini seyr etdikcə doğma Vətənimizə olan sevgimiz daha da artır. Şəki xanlarının sarayına, Kiş kəndindəki qədim alban məbədinə, eləcə də digər tarixi abidələrə səyahətimiz olduqca maraqlı keçdi.
Bu gün isə Qax rayonu ilə tanış oluruq. Buradakı qədim abidələr, təbiət gözəllikləri - hündür dağlar, sıldırım qayalar, sıx meşələr, gurultu ilə axan çaylar bizi heyran edib. İlisu kəndindəki dağların qoynunda, bələdçinin də dediyi kimi, sümük kimi möhkəm “Sumuq qala”nın qarşısında dayanarkən insan özünü çox məğrur hiss edir. Ölkəmizi qarış-qarış gəzməyimizə yaratdığı şəraitə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.