CƏMİYYƏT
Suraxanı rayonunda katalizator oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 27 may, AZƏRTAC
Paytaxt ərazisində avtomobillərin səsboğucu sistemlərini, yəni katalizatorlarını oğurlayan şəxslər Suraxanı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Bakı şəhər sakinləri - Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 5, Xətai rayonunda isə 2 nəqliyyat vasitəsinin katalizatorunu oğurladıqları məlum olub. Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov ifadələrində əsasən gecə saatlarında “Toyota Prado” və “Toyota Prius” markalı avtomobillərin katalizatorlarını kəsib oğurladıqlarını etiraf ediblər.
Oğurlanan katalizatorlardan bir neçəsi Cambul Seyidova məxsus avtomobilin yük yerindən aşkar olunub.
Həmin şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmin şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi polis orqanlarına, habelə nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.