CƏMİYYƏT
Suraxanı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan beş nəfər tutulub VİDEO
Bakı, 22 iyul, AZƏRTAC
Polis əməkdaşları paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər saxlanılıb.
Əməliyyat zamanı əvvəlcə Suraxanı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan Ramil Babayev tutulub. Onun üzərindən və evindən külli miqdarda heroin və “patı” adlandırılan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində əsasən Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Ramil Babayev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Sedoy” adından istifadə etdiyi məlum olub.
Bundan başqa, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan və əvvəllər dəfələrlə məhkum edilmiş Tərlan Həsənov da saxlanılıb. Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Tərlan Həsənov izahatında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Növbəti əməliyyat tədbiri zamanı Aytən Şıxheybətova, Vüsal Manafov və Ümid Nəcəfov saxlanılaraq polis idarəsinə gətiriliblər. Həmin şəxslərdən külli miqdarda heroin aşkar edilərək götürülüb. Onlar izahatlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Hazırda narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.