MƏDƏNİYYƏT
“Şuşa İli – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsi yekunlaşıb
Bakı, 25 may, AZƏRTAC
“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində bu il seçilən "Şuşa İli – Zəfərimizin tarixi” adlı interaktiv proqrama yekun vurulub.
AZƏRTAC xəbər verir ki, proqram Təhsil Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilib.
Proqramın məqsədi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Şuşa İli” elan edilməsi və bu Sərəncama əsasən, Azərbaycan və Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhərinin bu il 270 illiyinin qeyd olunması məqsədilə milli-mədəni və tarixi irsimizin təbliğ olunması, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik qəhrəmanlığını, vətənpərvərliyini, fədakarlığını, milli-mənəvi dəyərlərə bağlılığını təbliğ etmək, Şuşada və Bakı şəhərində fəaliyyət göstərən bir sıra tarixi abidələrin və muzeylərin kolleksiya fondu ilə tanış etməkdən ibarət olub.
Proqram çərçivəsində mayın 18-dən 24-dək hər gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Şuşa qalasına, Bülbülün ev-muzeyinə (Şuşa), Heydər Əliyev Mərkəzinə, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə, AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan İstiqlal Muzeyinə, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinə, Azərbaycan Hərb Tarixi Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və digər tarixi yerlərə ekskursiyalar təşkil edilib.
Muzey həftəsi ərzində şagirdlərə muzeylərin bələdçiləri tərəfindən qorunan və ekspozisiyada nümayiş olunan eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verilib.
Bu il keçirilən “Şuşa İli – Zəfərimizin tarixi” adlı interaktiv proqramda ümumilikdə Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən ümumtəhsil müəssisələri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin 11000-dən çox şagirdinin ekskursiyalarda iştirakı təşkil edilib.