MƏDƏNİYYƏT


“Şuşa İli” çərçivəsində Niderlandda konsert olub

Haaqa, 27 mart, AZƏRTAC

Haaqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsində canlarını qurban vermiş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyi və bu şəhərin ölkəmizin mədəniyyət paytaxtı olduğu bildirilib. Sonra Şuşa haqqında film nümayiş etdirilib və şəhərin tarixi barədə məlumat verilib.

“Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova bildirib ki, Qarabağ bölgəsi, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Konsertin məqsədi dinləyiciləri virtual olaraq Şuşa ilə tanış etməkdir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin “Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil” fikri səsləndirilib.

Sonra Cavid Səlimov (tar), Elcan Rzayev (piano-vokal), Firəngiz Bağırova (vokal), Azərbaycanın Əməkdar artisti, kamança ustası Xəyyam Məmmədov, Vyana Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli və Almaniyadan gələn xanəndə Vüsalə Cabir dünya və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnıları ifa ediblər.

Konsertin dinləyiciləri arasında Azərbaycanın Niderlanddakı səfirliyinin, eləcə də bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin nümayəndələri olublar.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.