İQTİSADİYYAT
TACİS PROQRAMI ÜZRƏ LAYİHƏLƏR REGİONLARDA UĞURLA HƏYATA KEÇİRİLMİŞDİR
Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1994-cü ildən bəri Avropa Birliyinin TACİS Proqramı tərəfindən Azərbaycan kəndində “Ailə və kommersiya təsərrüfatına kömək”, “Azərbaycanda ərzaq məhsullarının bölgüsü sektorunun özəlləşdirilməsi”, “Regional kənd təsərrüfatı islahatı”, “Aqrar sahədə bank fəaliyyətinə yardım”, “Kənd kredit qurumlarının təşkili”, “Regional təcrübi aqrobiznesə yardım birlikləri” və digər layihələr uğurla həyata keçirilmişdir.
Bu layihələr çərçivəsində digər işlərlə yanaşı Abşeron rayonunun Məhəmmədli, Ramana, Hövsan və sair kəndlərindəki özəl təsərrüfatlarda, Xirdalan süd kombinatında soyuducular quraşdırılmış, süd və süd məhsullarının pərakəndə satışa çıxarılması üzrə nümunəvi sistem yaradılmışdır. Xırdalan ət kombinatında müasir tələblərə cavab verən çeşidləyici və qablaşdırıcı aqreqat quraşdırılmışdır. Bundan əlarə, meyvə-tərəvəz məhsullarının emalı, çeşidlənməsi, qablaşdırılması, nəqli və pərakəndə satışı üzrə nümunəvi sistem yaradılaraq Quba, Qusar və Zaqatala rayonlarında sınaqdan çıxarılmışdır.