İQTİSADİYYAT
TANAP-ın Əsas İdarəetmə Mərkəzinin binası sertifikata layiq görülüb
Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC
TANAP-ın Əsas İdarəetmə Mərkəzinin binası beynəlxalq sertifikata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə TANAP məlumat yayıb. Bildirilir ki, enerji səmərəliliyini təmin edən və ekoloji cəhətdən ən son texnologiyalar istifadə edilərək qurulan TANAP-ın Əsas İdarəetmə Mərkəzinin binası ABŞ-ın Yaşıl Bina Şurası (USGBC) adından “Green Business Certification Inc.” (GBCI) tərəfindən bir sıra ekoloji, sosial və iqtisadi meyarlara dair qiymətləndirmələr nəticəsində noyabrın əvvəlindən etibarən “LEED® Gold” (enerji və ekoloji baxımdan mühəndislikdə lider) sertifikatına layiq görülüb. “LEED®” dünyanın ən yaxşı və tanınan yaşıl bina sertifikatıdır.
Xatırladaq ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib.
TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.