TERRORÇU ÖLÜM CƏZASINA MƏHKUM EDİLMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Tokio dairə məhkəməsi “Aum sinrikö” təriqətinin başçılarından birini - 39 yaşlı Masami Sutiyanı ölüm cəzasına məhkum etmişdir.
M. Sutiya Tokio metrosunda zəhərləyici zarin qazının yayılmasının təşkilində və yeddi nəfərin qətlində günahlandırılır.
O, Tokio metrosunda yayılmış zarin qazının hazırlanmasında bilavasitə iştirak etmişdir. 1995-ci il martın 20-də metroda törədilmiş terror aktı nəticəsində təxminən 5,5 min nəfər zərər çəkmiş, 11 nəfər isə həlak olmuşdu.
“Aum sinrikö”nün keçmiş başçısı, 48 yaşlı Söko Asaxaranın (əsl adı Tidzuo Matumoto) da aqibəti, çox güman, belə olacaqdır. O, fevralın 27-də Tokioda məhkəmə qarşısında cavab verəcəkdir.