REGİONLAR
TOVUZDA TOXUMÇULUĞUN İNKİŞAFI İLƏ BAĞLI ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Tovuz, 19 avqust (AZƏRTAC). Tovuzda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının taxıl istehsal edən sahibkarlar üçün Qərb bölgəsində toxumçuluğun inkişafı ilə bağlı zona müşavirəsi keçirilmişdir.
Müşavirəni açan Tovuz rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov respublikada kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək respublikamızda son zamanlar kənd təsərrüfatı sahəsində də inkişaf olduğunu vurğulamışdır. O, ölkə başçısının kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına stimul yaradan sərəncamlarının əhəmiyyətini qeyd etmiş, sahibkarlara verilən güzəştli kreditlərin, həyata keçirilən çoxsaylı layihələrin ölkənin kənd təsərrüfatının inkişafına yardımçı olduğunu diqqətə çatdırmışdır. Nazir müavini toxumçuluğun inkişafına mane olan problemləri sadalamış, onların aradan qaldırılması yollarından söz açmışdır.
Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq idarəsi rəisinin müavini Ədalət Yusifov ölkədə toxumçuluğun inkişafı ilə bağlı görülən işlərdən danışmışdır.
Sonra Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonları İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çıxış edərək rayonlarında toxumçuluğun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
Müşavirədə qeyd olunmuşdur ki, gələn ilin məhsulu üçün Şəmkir, Gədəbəy,Tovuz, Ağstafa və Qazax rayonlarında 44000 hektar sahədə taxıl əkmək nəzərdə tutulmuşdur. Bunun 35150 hektarı buğdanın payına düşür. Qərb bölgəsində toxuma tələbat 8800 tondur. Bu tələbatın əsas hissəsi yerli istehsal hesabına ödəniləcəkdir. Kənardan cəmi 1935 ton toxum alınacaqdır.
Müşavirənin sonunda sahibkarları maraqlandıran suallara cavab verilmişdir.