SİYASƏT
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ MATƏM KİTABINA ÜRƏK SÖZLƏRİNİ YAZMIŞDIR
Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Bülənd Arınç Azərbaycanın Ankaradakı səfirliyinə gələrək, ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar bütün xalqımıza dərin hüznlə başsağlığı vermiş, Matəm kitabına ürək sözlərini yazmışdır.
Türkiyə parlamentinin sədri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində dedi ki, böyük dövlət adamı, Prezident Heydər Əliyevin vəfatı bizi çox sarsıtmışdır. Türkiyə Böyük Millət Məclisi, bütün millət vəkilləri adından mərhuma Allahdan rəhmət diləyir, ailə üzvlərinə, Azərbaycan xalqına, bütün türk dünyasına başsağlığı verirəm. Həqiqətən də acımız, kədərimiz böyükdür. Heydər Əliyevin Azərbaycanda, bütün türk dünyasında və ümumiyyətlə, dünyada sülh və əmin-amanlığın möhkəmlənməsində misilsiz xidmətləri vardır. Bu böyük öndərə Allahdan rəhmət diləyirəm. Hamımızın başı sağ olsun!