SİYASƏT
TÜRKİYƏ NİZAMİ ORDU HİSSƏLƏRİNİ İRAQIN ŞİMALINDAN ÇIXARACAQ
Məlum olduğu kimi, iki həftə bundan əvvəl İraqın şimalında, Süleymaniyə şəhərində Türkiyənin xüsusi təyinatlı bölməsinin 11 hərbçisinin həbs edilməsinin səbəblərini araşdırmaq üçün ABŞ və Türkiyə hərbi idarələrinin yüksəkvəzifəli nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiya Şimali İraqda vəziyyətin normallaşdırılması üçün bir sıra tədbirlər görmüş və bu tədbirlər əlavə məxfi sənəddə öz əksini tapmışdır. İndi, “Sabah” qəzetinin yazdığına görə, həmin tədbirlərə uyğun olaraq ABŞ Kürd İşçi Partiyasının (PKK-KADEK) yüksəkvəzifəli nümayəndələrini regiondan çıxarmağı öhdəsinə götürmüşdür.
Amerikalılar türkiyəli tərəfdaşlarını əmin etmişlər ki, İraqın şimalında müstəqil kürd dövləti yaratmağa yol verməyəcək və İraqın müvəqqəti hökumətinin tərkibinə Türkiyə əleyhinə çıxış edən şəxslərin daxil olmasının qarşısını alacaqdır. Türkiyə isə bu tədbirlərə cavab olaraq regionda yerləşdirilmiş hərbi hissələrini çıxarmağa və orada yalnız rabitə zabitlərindən bir qrupunu saxlamağı öhdəsinə götürmüşdür. Bundan əlavə, tərəflər razılığa gəlmişlər ki, Ankara Şimali İraqın Türkiyə ilə həmsərhəd bölgəsində “təhlükəsizlik zonası” yaradacaqdır.