DÜNYA
TÜRKMƏNİSTAN PREZİDENTİ PAMBIQ TARLALARINDA UŞAQ ƏMƏYİNDƏN İSTİFADƏ OLUNMASINI QADAĞAN ETMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Türkmənistan Prezidenti Saparmurad Niyazov pambıq tarlalarında uşaq əməyindən istifadə olunmasını qadağan etmişdir. O, Nazirlər Kabinetinin iclasında bildirmişdir ki, məktəblilər və tələbələr, habelə müəssisə və idarə işçiləri pambıq yığımına cəlb olunmayacaqlar.
Məsələ bundadır ki, pambıqçılıq rayonlarının yuxarı sinif şagirdləri sentyabrın 15-dən sonra 1,5-2 aylığa pambıq yığmağa gedirdilər. Bu göstəriş bir çox müəssisə və idarələrin işçilərinə də aid idi və onu yerinə yetirməyənləri hətta işdən çıxarırdılar. Həmin ənənə sovet dövründən bəri mövcud olmuşdur. Lakin bu ilin mayında Niyazov gənclərin 3-cü qurultayında çıxış edərək, pambıq yığımında uşaq əməyindən istifadəyə son qoyacağına söz vermişdi.
Plana görə, bu mövsümdə Türkmənistanda azı 2,2 milyon ton “ağ qızıl” yığılmalıdır. Amma artıq neçə ildir ki, plan ödənilmir. Məsələn, 2002-ci ildə 2 milyon ton olan dövlət planı cəmi 30 faiz, keçən il isə 36 faiz (730 min ton) yerinə yetirilmişdir.