DÜNYA
Tailandda COVID-19 səbəbindən ölüm sayında antirekord qeydə alınıb
Pekin, 15 iyul, AZƏRTAC
Hazırda pandemiyanın ən ağır dalğasının müşahidə olunduğu Tailandda ötən sutka COVID-19 virusuna 9 min 186 yoluxma, bu infeksiya səbəbindən 98 ölüm qeydə alınıb.
AZƏRTAC Tailandın İctimai Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün qeydə alınan ölüm sayı pandemiya dövründə ölkənin sutkalıq antirekord göstəricisidir. Ümumiyyətlə, COVID-19 səbəbindən ölkə üzrə ölüm hallarının 95 faizi pandemiyanın apreldə başlayan sonuncu dalğasında qeydə alınıb. Tailandda yeni növ koronavirusun daha təhlükəli “delta” ştamının yayılması ilə son 7 gündür ölkədə sutkalıq yoluxma sayı 8 mindən çox olur.
Hökumət yoluxmaların sayını azaltmaq üçün karantin rejimini sərtləşdirib. Ölkənin müxtəlif bölgələri epidemik vəziyyətdən asılı olaraq 4 zonaya - “tünd qırmızı”, “qırmızı”, “çəhrayı” və “sarı” zonalara bölünərək, fərqli karantin tədbirlərinin tətbiqinə başlanılıb. Yoluxmaların daha çox aşkarlandığı paytaxt Banqkokun da daxil olduğu “Tünd qırmızı” zonada səhər saat 9:00-dan 16:00-dək “evdə qal” rejimi tətbiq olunur, saat 8-dən 15:00-dək market və gündəlik tələbat malları mağazalarının fəaliyyəti, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, 5 nəfərdən çox insanın toplaşması, ticarət mərkəzlərinin, gözəllik salonlarının fəaliyyəti, şəhərlərarası səyahətlər məhdudlaşdırılıb. Bunun üçün “tünd qırmızı” zonaya aid olan yaşayış məntəqələrində giriş-çıxışa nəzarət etmək üçün polis postları quraşdırılıb. Dövlət qurumlarına və özəl müəssisələrə tövsiyə olunub ki, əməkdaşların əksəriyyəti evdən işləsin. Digər zonalarda isə nisbətən yüngül karantin tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Tailandda aprelin əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı çoxalır. Virusun “delta” ştamı ölkədə sürətlə yayılır. Operativ qərargah yaxın günlərdə sutkalıq yoluxma sayının 10 mini ötəcəyini proqnozlaşdırıb. Hökumət bu səbəbdən mobil xəstəxanaların və müvəqqəti karantin mərkəzlərinin inşasına başlayıb. Təkcə paytaxtda 20 müvəqqəti özünütəcrid mərkəzi fəaliyyət göstərəcək.
Turizm ölkəsi kimi tanınan Tailand oktyabrın ortasında xarici ölkələrlə gediş-gəlişi tam açmağı planlaşdırıb. Artıq Puket adasında xarici turistlərin qəbuluna başlanılıb. Turistlərdən COVID-19 pasportu və ya koronavirus testinin neqativ nəticəsi tələb olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin