CƏMİYYƏT
Taksi sürücüsünə qarşı quldurluq edən keçmiş məhkum yaxalanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə quldurluq hadisəsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılıb. Müəyyən edilib ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib. Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və nəqliyyat vasitəsilə hadisə yerini tərk edib.
Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş C.Zeynalov Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.