Talış kəndində qayıdışa hazırlıq - 20 evin bərpası yekunlaşıb REPORTAJ VİDEO
AzerTAg.az
Talış, 15 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində bərpa-quruculuq işləri davam etdirilir. İlkin mərhələdə 20 ev müasir tələblərə uyğun qurularaq bir zamanlar doğma yurdlarından didərgin düşən ailələrə təhvil veriləcək.
İş icraçısı Murad Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq 20 evin əsaslı təmir-bərpa işləri başa çatıb. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətiriləcək. Hər bir evin həyətyanı ərazisində 1 ədəd təsərrüfat tövləsinin tikintisi və abadlıq işləri də tamamlanmaq üzrədir.
Kənddə inzibati binada, məktəbdə, uşaq bağçasında, xeyir-şər evi və mağazada əsaslı təmir işləri davam edir. Yaxın gələcəkdə kənddə yeni tibb məntəqəsinin də tikintisi planlaşdırılır. Bütün qeyri-yaşayış binalarının istilik və isti su təchizatı kənddə qurulmuş mərkəzi qazanxana vasitəsilə təmin olunacaq.
Talış kəndində digər infrastruktur layihələrinin icrası da davam etdirilir. Qaz, elektrik, su, rabitə xətlərinin çəkilişi aparılır. Müasir kanalizasiya sistemi inşa olunur. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək.
Kəndin yenidən qurulmasında çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Onlar işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdikləri üçün qürur duyduqlarını bildirirlər. Əslən Kəlbəcər rayonundan olan Seymur Pənahov deyib: “Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub. Aparılan tikinti işlərində mən də iştirak edirəm. İşğaldan azad olunmuş ərazilərin tikintisində mənim də əməyim olduğu üçün fəxr edirəm”.
Talış kəndinin tikintisində çalışan Vətən müharibəsi iştirakçısı Xalid Zeynalov ikiqat qürur yaşadığını bildirib: “Vətən müharibəsində Füzuli, Xocavənd, Şuşa döyüşlərində iştirak etmişəm. İki il əvvəl torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşayırdıqsa, bu gün ərazilərimizin yenidən qurulması ilə məşğuluq. Fəxr edirəm ki, həm torpaqlarımızın işğaldan azad olunmasında, həm də yenidən qurulmasında iştirak edirəm”.


















Xəbərin mətnində orfoqrafik səhv var