ELM VƏ TƏHSİL
Tanınmış ekspert AMEA-da seminarlara başlayıb
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Clarivate Analytics” (“Thomson Reuters”) agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" mövzusunda seminar keçirilib.
AMEA–dan AZƏRTAC-a bildirilib ki, seminarda “Web of Science” platformasına daxil olan jurnallar, elmi məqalələrin təqdim edilməsi qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən bəhs edilib.
Tədbirdə Fizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının alimləri iştirak ediblər.
Növbəti seminar fevralın 6-da AMEA-nın əsas binasında təşkil olunacaq. Rus dilində keçiriləcək seminarda AMEA-nın Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının alim və mütəxəssisləri iştirak edə bilərlər.
Qeyd edək ki, İneş Kenjina nüvə fizikası sahəsində 20-dən çox “Web of Science” indeksli məqalənin müəllifidir.