CƏMİYYƏT
Tanınmış ictimai-siyasi xadim, AZƏRTAC-ın dostu Azad Rəhimovun xatirəsi qəlbimizdə yaşayacaq
Bakı, 2 may, AZƏRTAC
Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı, vətənpərvər insan olan Azad Rəhimov aramızdan vaxtsız getdi. Bu acı xəbər onu yaxından tanıyanları, idman ictimaiyyətini, dostlarını, eləcə də AZƏRTAC-ın kollektivini dərindən kədərləndirdi. Azad müəllim bizim yaxın dostumuz idi. Gənclər və İdman Nazirliyi ilə AZƏRTAC arasında əlaqələr rəsmi tərəfdaşlıqla yanaşı, xoş və isti münasibətlər zəminində qurulmuşdu. Bu, əlbəttə, ilk növbədə, Azad müəllimin informasiyaya verdiyi önəmin göstəricisi idi və xarakterindəki sadəlikdən, səmimilikdən qaynaqlanırdı.
Ürəyi gənclik həvəsi ilə döyünürdü, üz-gözündən həyat eşqi yağırdı, çöhrəsindən təbəssüm əskik olmazdı. Ağır xəstəliyə düçar olduğunu eşitsək də, sanki möcüzə gözləyirdik. Təəssüf ki, bu, baş vermədi.
Azad Rəhimovun 57 il sürən ömrü gənclərlə, idman sahəsi ilə bilavasitə bağlı olub. 1987-ci ildə 23 yaşında ikən həmin vaxtlar üçün mötəbər vəzifələrdən sayılan rayon komsomol təşkilatında katib, sonradan birinci katib işləyib.1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində çalışıb. Nəhayət, 2006-cı ildən ömrünün sonunadək gənclər və idman naziri olub. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi.
Tərcümeyi-halı bu qədər sadə və qısadır. Gördüyü böyük işlər isə bir kitaba sığışmaz. Müxtəsər desək, dövlət siyasətinin prioritetlərindən olan idmanın inkişafı üçün qüvvə və bacarığını əsirgəmədi, bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi işinə özünəməxsus töhfələr verdi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında təqdirəlayiq xidmətlər göstərdi.
Qeyd etdiyimiz kimi, Azad Rəhimov AZƏRTAC-ın yaxın dostlarından biri idi və rəhbərlik etdiyi nazirliklə agentliyimiz arasında sıx əlaqələr yaranmışdı. Bu kədərli gündə bəzi xatirələr yada düşür.
2016-cı ilin yazında Bakı ilk dəfə Formula-1 yarışlarına ev sahibliyi etməyə hazırlaşırdı. Yarış ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti arasında rəsmi tərəfdaşlıq sazişi imzalandı. Bu, Azad müəllimin təşəbbüsü idi və imzalanma mərasimində şəxsən iştirak etmək üçün ofisimizə gəlmişdi. Media tərəfdaşlığına dair fikirlərini bölüşdü və tədbirə qatılan KİV nümayəndələrinin suallarını cavablandırdı.
AZƏRTAC son illər Bakıda keçirilən bir sıra beynəlxalq idman yarışlarının - Birinci Avropa Oyunlarının (2015-ci il), IV İslam Həmrəyliyi Oyunlarının (2017-ci il), 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının (2019-cu il) rəsmi media tərəfdaşı olub. Özü bunu dilə gətirməsə də, bilirdik ki, bu, Azad müəllimin təşəbbüsü idi, AZƏRTAC-a inam və etimadından irəli gəlirdi.
Onu da yaxşı xatırlayırıq ki, Azad Rəhimov Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının, Avropa Gənclər Olimpiya Festivalının, eləcə də digər beynəlxalq tədbirlərin keçirilməsində qüvvə və bacarığını əsirgəməyib. Azərbaycan gəncliyinin inkişafında, idmançılarımızın beynəlxalq arenada qazandıqları parlaq qələbələrdə, respublikamızın idman ölkəsi kimi tanınmasında əvəzsiz xidmətlər göstərib.
Azad müəllimin bu və digər xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni ilə, eləcə də digər mükafatlarla təltif olunub.
Vaxtsız ölüm Azad Rəhimovu bizdən cismən ayırdı, lakin işıqlı xatirəsi onu tanıyanların ürəyində daim yaşayacaq.
Allah rəhmət eləsin!