ELM VƏ TƏHSİL
Tarix Muzeyində bəstəkаr Аğаbаcı Rzаyеvаya məxsus fotoşəkillər qorunur
Bakı, 15 dekabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda bəstəkаr, Əməkdаr incəsənət хаdimi Аğаbаcı Rzаyеvаya məxsus fotoşəkillər qorunur. Həmin fotolarda Ağabacı Rzayeva ilə bərabər bəstəkar Elmira Nəzirova və Adilə Hüseynzadə də görünür.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Ağabacı Rzayeva 1912-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 1927-ci ildə Pedaqoji Texnikuma daxil olub, eyni zamanda, tarda ifa etməyi öyrənib. A.Rzayeva texnikumu bitirdikdən sonra Bakının Saray kəndində müəllim işləyib, bir müddətdən sonra Musiqi Texnikumuna daxil olub. Musiqi Texnikumunda Üzeyir Hacıbəylidən dərs alıb, 1935-ci ildə dahi bəstəkarın təşkil etdiyi Azərbaycanda ilk dəfə notla çalan Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib.
O, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olub, Qara Qarayev, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəylidən dərs alıb. 1942-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. A.Rzayeva bir sıra instrumental əsərlər - Xalq çalğı alətləri üçün “Şənlik süitası”, “Rəqs”, “Yallı”, “Cəngi”, simli kvartet üçün variasiyalar, tar, kamança və qaboy üçün pyeslər yazıb. Onun uşaqlar üçün yazdığı “Kukla”, “Vətənimiz”, “Ağ göyərçinim” əsərləri bu gün də sevilir. O, musiqi sənətinin inkişafındakı xidmətlərinə görə orden və medallarla təltif olunub, müxtəlif mükafatlara layiq görülüb.
A.Rzayeva 1975-ci ildə vəfat edib.