ELM VƏ TƏHSİL
Tarix Muzeyində tanınmış rəssamlarının 100 illiyinə həsr edilən onlayn tədbir təşkil olunub
Bakı, 22 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində (MATM) xalq rəssamları Oqtay Sadıqzadə və Böyükağa Mirzəzadənin 100 illiyinə həsr olunan onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsi tələbələrinin iştirak etdikləri tədbirdə muzeyin mütəxəssisi Qənirə Qafarlı Təsviri materiallar fondunda Azərbaycan rəssamlarının nadir incilərinin olması haqqında məlumat verib, bu kolleksiyalar içərisində Oqtay Sadıqzadə və Böyükağa Mirzəzadənin də əsərlərinin yer aldığını bildirib.
Muzeyin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov Təsviri materiallar fondu haqqında məlumat verib. O bildirib ki, muzeyin bu fondu 1925-ci ildə İncəsənət şöbəsinin bazası əsasında yaradılıb. 1926-ci ildə muzeydə rəsm qalereyası və 675 əsərdən ibarət Şərq incəsənəti ekspozisiyası açılıb. Hazırda muzeyin Təsviri materiallar fondunda Azərbaycan, Avropa, Rusiyanın tanınmış rəssamlarının 1000-dən artıq rəsm əsərləri mühafizə olunur. Onların içərisində yağlı və sulu boya ilə kətan, taxta, karton və kağız üzərində, həmçinin qrafika, litoqrafiya, intarsiya, inkrustasiya, mozaika və s. üsullarla işlənmiş sənət əsərləri var.
Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifovanın təqdimatında Oqtay Sadıqzadənin yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Videoçarxda rəssamın əsərlərindəki bədii obrazlar haqqında geniş məlumat verilib. Muzeyin kiçik elmi işçisi Zülfiyyə Cəlilovanın təqdimatında Böyükağa Mirzəzadənin yaradıcılığı haqqında videoçarx və Oqtay Sadıqzadə ilə həyat yoldaşı Elmira Şahtaxtinskaya həsr olunmuş "İncəsənətin qüvvəti" adlı sənədli filmdən fraqment nümayiş etdirilib. Muzeydə Böyükağa Mirzəzadənin “Bakı kəndinin bir küçəsi”, “İnşaat sahəsi” və Oqtay Sadıqzadənin “Nəsiminin edamı”, “Şirvanşah Bakı limanında” və s. əsərləri mühafizə olunur. Bu əsərlər muzeyin sərgi və ekspozisiyasında nümayiş etdirilir.