ELM VƏ TƏHSİL
Tarix Muzeyinin eksponatlarına dair layihə çərçivəsində növbəti görüş “Şuşa İli”nə həsr edilib
Bakı, 12 mart, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən muzeyin eksponatlarında tarixi-mədəni irsimizin əks olunmasına dair silsilə layihə çərçivəsində növbəti görüş keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc bələdçi” dərnəyinin dəvəti ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları Qənirə Qafarlı və Kubra Dadaşova təhsil müəssisəsində mühazirə oxuyublar. Mühazirədə muzeyin ekspozisiyası və fondları, həmçinin fondlarda qorunan və Qarabağın və Şuşa şəhərinin tarixini, mədəniyyətini əks etdirən materiallar haqqında məlumat verilib. Qarabağ bölgəsinin XIX əsrin sonlarına aid olan gümüş kəməri nümayiş etdirilib.
“Gənc bələdçi” dərnəyinin rəhbəri Günel Quliyeva muzey-məktəb əlaqələrinin əhəmiyyətindən danışıb.