CƏMİYYƏT
Tariyel Ömərovun aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu növbəti dəfə dünya səviyyəli patentə layiq görülüb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərovun aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu növbəti dəfə dünya səviyyəli patentə layiq görülüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, T.Ömərova məxsus laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası -“Aşırı piylənməsi olan xəstələrdə bariatrik-metabolik cərrahi müalicənin optimallaşdırılması” bu dəfə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib.
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. Azərbaycanlı cərrahın metoduna əsasən, laparoskopik üsulla bariatrik cərrahiyyə əməliyyatı zamanı mədənin boylama rezeksiyası digər standart metoddan fərqli olaraq, daha kiçik həcmli formalaşdırılır - mədə daxilinə yerləşdirilmiş 32 fr - yəni 11 millimetr diametrində kalibrasiya borusu ətrafında, pilortik sfinktordan maksimum 2 santimetr kənardan başlamaqla böyük əyrilik boyunca rezeksiya olunur. Bu zaman baş verə biləcək fəsadların qarşısını almaq üçün isə ikinci xüsusi metod tətbiq edərək rezeksiya xəttinə mədənin böyük əyriliyindən diseksiya olunaraq ayrılmış mədə omentumu yenidən alt və üst seroz qatlardan keçməklə tikilərək həmin nahiyə gücləndirilir. Nəticədə isə anatomiya və fiziologiya qoruyucu yeni bir metod formalaşır. Pasiyentlər daha uzun müddət arıqlaya bilirlər və eyni zamanda, arıqlama prosesi daha uzun illər boyunca qalıcı olur.
Digər bariatrik metabolik cərrahi metodlarla müqayisədə yeni modifikasiyanın hər hansı bir əlavə təsirləri yoxdur. Doktor T.Ömərov qeyd edir ki, həmin metod xüsusi standart göstərişlər əsasında tətbiq olunmalıdır. Həmin metodun tətbiq olunması ilə ölkəmizdə də son illərdə çəkisi 170-247 kiloqram arasında olan onlarla pasiyent sahib olduqları çəkilərinin yarısından çoxunu itirərək daimi sağlamlıqlarına qovuşublar.
Xatırladaq ki, indiyədək dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013-2017-ci illərdə hazırladığı bu metod barədə elmi məqalələr dərc olunub. 2017-ci ildə bu təşkilata ölkəmizdə belə bir metodun tətbiq olunması ilə bağlı müraciət olunub. Bir il ərzində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən aparılan araşdırmalardan sonra 2018-ci ildə bu yeni modifikasiya təşkilatın mərkəzi olan Cenevrə ofisinin rəsmiləri tərəfindən qəbul olunub və həmin təşkilatın saytında dərc olunub. Tanınmış cərrahın mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb. Bir neçə ay öncə isə Avrasiya Patent Təşkilatı Tariyel Ömərova laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib.