REGİONLAR
Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərə səyyar tibbi xidmət göstərilib
Ağcabədi, 5 iyul, AZƏRTAC
Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar briqada Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərə tibbi xidmət göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, terapevt, ginekoloq, stomatoloq, oftalmoloq və pediatrdan ibarət briqada tərəfindən Malıbəy, Kamallı, Cağazur, Qarıqışlaq, Alxaslı, Mişni, Qozlu, Təzəkənd, Şeylanlı, Hacılar, Sadınlar, Qoşasu, Minkənd, Mirik, Ağbulaq, Qarakeçdi, Vağazin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin sakinlərinin müvəqqəti məskunlaşdıqları obalarda köçkünlər müayinədən keçirilib, xəstəlik aşkar edilən sakinlərə uyğun müalicə təyin edilib. Səyyar briqada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillərinə gedərək, ehtiyacı olanlara tibbi yardım göstərib, onlara zəruri dərman preparatları veriblər.
Səyyar həkim briqadası tərəfindən göstərilən tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanıb. Tibbi xidmətin isti yay günlərində məcburi köçkünlərin məskunlaşdıqları digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulub.