CÜMHURİYYƏT - 100
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarixi binada tədbir keçirilib
Tbilisi. 29 may, AZƏRTAC
Mayın 29-da Tbilisidəki “Gənclər sarayı”nda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkil etdikləri tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni ifa olunub.
Səfir Dursun Həsənov çıxış edərək bildirib ki, 100 il bundan əvvəl bu binada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Azərbaycan gənclərinin bu tarixi binada toplaşmaları, Cümhuriyyətin qurucularını yad etmələri onların dövlətçilik tariximizə verdikləri qiymətin bariz nümunəsidir.
Diplomat əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirəm Prezident İlham Əliyev gənclərin sosial siyasi həyatları, təhsil və digər məsələləri ilə əlaqədar bir sıra fərman, sərəncam və qanunlar imzalayıb.
Dursun Həsənov gənclərə uğurlar arzulayıb, Gürcüstanda yaşayan azərbaycanlı gənclərində bu siyasətdən bəhrələndiklərini bildirib. Diplomat Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsil haqlarının ödədiyini xüsusi qeyd edib.
Sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək tədbirin təşkilindəki köməkliyə görə Azərbaycan səfirliyinə və SOCAR-ın Gürcüstan nümayəndəliyinə təşəkkür edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutu və müasir dövlətçilik tariximizdəki rolu barədə məlumat verib. Azərbaycan Prezidentinin gənclərə daim diqqət və qayğı göstərdiyini xüsusi qeyd edib. Gənclər adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Tarixçi alim Solmaz Rüstəmova Tohidi Azərbaycanın qədim tarixindən, dövlətçiliyimizin keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın müstəqillik mübarizəsindən bəhs edən mühazirə oxuyub.
Sonra Heydər Əliyev Fondunun hazırladığı "Əbədi ezamiyyət" sənədli filmi nümayiş olunub.
Tədbirdə səfirliyin və konsulluğun əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şirkətin əməkdaşları, azərbaycanlı tələbələr iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi