CƏMİYYƏT
Tbilisidə Gürcüstanın Azərbaycanlı Gənclərinin Birinci Regional Forumu keçirilib
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Gürcüstanın Azərbaycanlı Gənclərinin Birinci Regional Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun məqsədi etnik azərbaycanlı gəncləri narahat edən məsələlərin müzakirəsi və bu problemləri Gürcüstan hökumətinin diqqətinə çatdırmaqdır.
Tədbirdə “Gənclər bərabərlik və sülh axtarışında” mövzusunda çıxışlar olub, müzakirələr aparılıb.
Panel iclaslarında çıxış edən gənclər ölkədə milli azlıqların üzləşdikləri əsas problemlərdən söz açıb, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdəki çatışmazlıqlardan danışıb, bu çətinliklərin həlli ilə bağlı fikirlərini bölüşüblər.
Forum çərçivəsində Kvemo Kartli-Borçalı bölgəsinin ictimai, siyasi və iqtisadi həyatına həsr olunan qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov, deputat Tariyel Nakaidze, Gürcüstan xalq müdafiəçisinin nümayəndələri, milli azlıqların və insan haqları sahələrində fəaliyyət göstərən QHT təmsilçiləri, fəal gənclər və tədqiqatçılar iştirak ediblər.
Tədbirin təşkilatçıları Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Azərbaycanlı Gənclərin Təşəbbüs Qrupu, Müdafiə və Təhlükəsizlik Mülki Şurası, Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondudur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi