MƏDƏNİYYƏT
Tbilisidə azərbaycanlı rejissorun hazırladığı tamaşanın premyerası olub
Tbilisi, 3 noyabr, AZƏRTAC
Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova gürcü yazıçısı Nodar Dumbadzenin “Hellados” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.
AZƏRTAC xəbər verir noyabrın 2-də Tbilisidəki Axmeteli Dövlət Dram Teatrında tamaşanın premyerası keçirilib.
Əsərdə əsasən yunan əsilli Yanquli adlı gəncin boya-başa çatdığı Suxum şəhərindən atası ilə birgə Yunanıstana qayıtmasından bəhs olunur.
Gənc Yanguli doğma Suxumdan, yaxın dostlarından və sevgilisindən ayrılmağa özündə güc tapmır. Bütün cəhdləri boşa çıxan gənc oğlan çıxış yolunu intihar etməkdə görür.
Sonda o, atası ilə birgə gəmi ilə Yunanıstana yola çıxarkən özünü dənizə ataraq intihar edir.
Əsl dostluğu, sevgini, böyüyüb boya-başa çatdığı torpağa bağlılığı tərənnüm edən tamaşa böyük maraqla və alqışlarla qarşılanıb.
Səhnə əsərində əsas rolları Giorgi Tsxadadze, Andria Qvelesiani, Demo Kalandadze, Nino Tsimakuridze və digər aktyorlar canlandırıblar.
İradə Gözəlova premyeradan sonra tamaşada rol almış aktyorların performansından razı qaldığını bildirib.
Tamaşanın rəğbətlə qarşılanmasından məmnun olduğunu vurğulayan rejissor bu səhnə əsərinin teatrsevərlərin ürəyində uzun müddət yaşayacağına ümid etdiyini bildirib.
Aktyorlar İ.Gözəlova ilə çalışmaqdan və onunla iş birliyindən məmnunluqlarını ifadə ediblər.
Gəncə Dövlət Dram və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram teatrlarının rəhbərliyi, aktyorları, həmçinin teatr ictimaiyyətinin tanınmış simaları da tamaşaya baxanlar arasında olublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi