MƏDƏNİYYƏT
Teatr Xadimləri İttifaqında bir qrup jurnalist fəxri fərmanla təltif edilib








Bakı, 21 iyul, Emil Məlikov, AZƏRTAC
İyulun 21-də Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə keçirilən mükafatlandırma mərasimində bir sıra jurnalistlərə İttifaqın fəxri fərmanları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışaraq, media nümayəndələrini bayram münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.
Sonda teatr sənətinin inkişafındakı xidmətlərinə görə və Milli Mətbuat Günü münasibətilə media nümayəndələri təltif ediliblər. Təltif olunanlar arasında AZƏRTAC-ın da əməkdaşı var.
Fəxri fərmanla mükafatlandırılanlar onlara göstərilən diqqətə görə İttifaqın rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.